BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Hacıqabul, Zərdab, Gədəbəy və digər rayonlardan 13 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov dedi ki, buradakı bütün məhsulların keyfiyyəti ciddi yoxlanılır. Yarmarka yalnız Nəsimi rayonunun deyil, həm də paytaxtın digər rayonlarının sakinlərinin daha çox üz tutduğu satış mərkəzinə çevrilmişdir. Burada qiymətlərin bazardakından 20-25 faiz ucuz olması da alıcıların sayını artıran amildir. Yumurtanın biri 6 qəpiyə, kartofun və soğanın kiloqramı 30-40 qəpiyə, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata təklif edilir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər sakinləri Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş meyvə-tərəvəzi və ağartı məhsullarını həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, yarmarkada alıcıların arzu və təklifləri diqqətlə öyrənilir, onların hansı məhsula daha çox tələbatı olduğu öyrənilir, növbəti yarmarkada həmin məhsulun çeşidi və həcmi artırılır. Bu gün satışa 230 ton meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada şənbə günü məhsulların, həcmi və çeşidi əvvəlki həftələrlə müqayisədə nəzərəçarpacaq dərəcədə çox idi. Məhsul bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə xeyli təsir göstərmişdi. Burada qiymətlər bazarlarla müqayisədə 30-40 faiz, hətta bəzi məhsullar üzrə yarıbayarı ucuz idi. Yarmarkada satılan məhsullar arasında Salyan, Astara, Dəvəçi, Qusar, Quba və digər rayonların fermer və şəxsi təsərrüfatlarından gətirilmiş nübar məhsullar, o cümlədən təzə kələm, kartof, soğan, badımcan, yerkökü, çuğundur, xiyar, pomidor, bibər, alça, gilas, ərik, gilanar, sitrus meyvələri, ağartı məhsulları, göyərti və digər mövsümə uyğun məhsullar çoxluq təşkil edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, bugünkü yarmarkaya fermerlər və şəxsi təsərrüfat sahibləri 63,4 ton məhsul gətirmişlər. Bu dəfə də Salyan, Qusar və Astara rayonlarının fermerləri satışa daha çox məhsul çıxarmışlar. Yarmakaya gətirilən məhsulların təqribən yarısı Salyan rayonunun payına düşür.
Badamdar qəsəbəsində 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada şənbə günü satışa Ağdaş, Salyan, Sabirabad, Quba, Qazax, Şəmkir və digər rayonlardan 11 tonadək kənd təsərrüfatı məhsulları, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən isə 14 min 600 ədəd yumurta gətirilmişdi. Quş ətinin kiloqramı 3 manat 20 qəpiyə, yumurtanın bir ədədi isə 6 qəpiyə satılırdı. Qəsəbə sakinləri kartofun kiloqramını 30 qəpiyə, pomidoru 60-70 qəpiyə, gilas və albalını 1 manat-1 manat 20 qəpiyə, əriyi 50 qəpik-1 manat 80 qəpiyə alırdılar. Bazarda, həmçinin sərfəli qiymətlərə xiyar, lobya, badımcan və digər kənd təsərrüfatı məhsulları da satılırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, rayon fermerləri bu gün yarmarkaya 2 ton meyvə, 5,2 ton kartof, 2,1 ton kələm və digər məhsullar gətirmişlər. Şəhər sakinləri ucuz qiymətlərə satılan kartofu, kələmi, kökü, pomidoru, lobyanı və digər məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Qazax və Ağsu fermerləri satışa ümumilikdə 21,5 ton meyvə-tərəvəz çıxarmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə alıcılara Bərdə, Goranboy və Ağstafadan gətirilmiş kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya şənbə günü Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından 28,4 ton məhsul gətirilmişdi. Alıcılara Giləzi və Goradil broyler fabriklərindən 20 min yumurta da təklif olunurdu.
Yarmarkada kartof və xiyarın kiloqramı 30, soğan, kələm 40, pomidor 70 qəpiyə, gilas, ərik 1 manat 50 qəpiyə, mal əti 4 manata, qoyun əti 4 manat 50 qəpiyə satılırdı.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
![]() |
![]() |

