BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 29 iyun (AZƏRTAC). İyunun 28-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Hacıqabul, Zərdab, Gədəbəy və digər rayonların fermerləri 8 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Yarmarkada hər həftə iştirak edən gədəbəyli Cəmil İsayev bu dəfə 3 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur gətirmişdi. Məhsulları ucuz qiymətə satdığını və yaradılan şəraitdən razılığını bildirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, burada qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Ümumilikdə şənbə və bazar günləri yarmarkada 20 tondan çox məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara ərik, gilas, gilənar, badımcan, kartof, soğan, mal və qoyun əti təklif edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 125 ton tərəvəz, 56,4 ton meyvə, 33 ton kartof və digər məhsullar satılmışdır.
Bazar günü Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada qələbəlik idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov alıcıların çoxluğunu qiymətlərin bazarlara nistətən xeyli ucuzluğu ilə əlaqələndirdi. Bildirdi ki, burada qiymətlər bazardakından ən azı 30-40 faiz ucuzdur. Məhz bunun nəticəsidir ki, artıq Astara, Salyan, Quba, Dəvəçi, Qusar və digər rayonların fermerləri və şəxsi təsərrüfat sahibləri bir gün əvvəl yarmarkaya gətirdikləri 63,4 ton müxtəlif çeşidli məhsulun əksər hissəsini satıb qurtarmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Mustafa Rüstəmov bildirmişdir ki, iyunun 27-28-də Suraxanıda təşkil olunmuş yarmarkalarda şəhər sakinlərinə 61 ton 100 kiloqram kənd təsərrüfatı məhsulları satılmışdır. Bunun 51 ton 100 kiloqramı “Günəş” ticarət mərkəzindəki yarmarkanın payına düşür. Qalanını isə “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Cəlilabad rayonunun fermerləri satmışlar. Hər iki yarmarkada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satış üçün əlverişli şərait yaradılmışdır. Yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, göyərti, ət, süd məhsulları, göyərti, xiyar, pomidor, badımcan, alma, armud, lobya, alça, çiyələk, gilas, ərik və digər məhsullar çoxluq təşkil etmişdir. Bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilmişdi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsu və Qazax rayonlarından lobya, kartof, kələm, alma, pomidor, soğan, badımcan və digər məhsullar gətirilmişdi. Bu məhsullar alıcılara bazardakından xeyli ucuz qiymətlərə təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, şənbə və bazar günləri yarmarkada 20 tondan çox meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri satışa təzə meyvə-tərəvəz, digər məhsullar gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 28,4 ton meyvə-tərəvəzin şənbə günü satılmayan hissəsi çıxarılmışdı. Alıcılara Giləzi və Goradil broyler fabriklərindən gətirilmiş yumurta da təklif edilirdi.