BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 18 iyul (AZƏRTAC). Şənbə günü Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdı. Burada sakinlərə Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 16 tondan çox məhsul, o cümlədən 2,5 ton ət, 0,5 ton ağartı, 5 ton tərəvəz, 3,5 ton meyvə, 2,5 ton kartof, 5 min ədəd yumurta, 30 kiloqram bal təklif olunurdu. Gədəbəyli fermer Arzu Tanrıquliyev yarmarkaya gətirdiyi 5 ton kartof, soğan, kələm, pendir və meyvəni münasib qiymətə satırdı. Fermer hər həftə yarmarkaya məhsul gətirəcəyini bildirdi. Alıcı Gülnaz Əliyevanın sözlərinə görə, yaxın ərazidə yaşadığından hər həftə buradan bazarlıq edir, çünki məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada istənilən kənd təsərrüfatı məhsullarına rast gəlmək mümkün idi. Bu səbəbdən də burada alıcıların sayı xeyli çoxalmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, yarmarka bu ünvanda fəaliyyət gföstərdiyi son iki aya yaxın müddətdə bu gün satışa əvvəlki həftələrlə müqayisədə ən çox məhsul- 67 ton meyvə və tərəvəz, ağartı məhsulları çıxarılmışdir. Alıcılara təklif olunan soğan, lobya, badımcan, bibər, yerkökü, pomidor, xiyar, qarğıdalı, şaftalı, ərik, gilas, alça, yay alması, gavalı, yemiş, qarpız və digər məhsulların qiymətləri bazarlardakından xeyli ucuzdur.
Paytaxt sakinləri yarmarkada satılan meyvə-tərəvəzin keyfiyyətindən arxayın olduqlarını dedilər. Yarmarkadakı nümunəvi şəraitdən satıcılar - Salyan, Quba, Dəvəçi, Qusar, Astara və digər rayonların fermerləri və şəxsi təsərrüfat sahibləri də razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada satışa Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 130 ton meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, yarmarkaya çıxarılan məhsulların çeşidi artmışdır, qiyməti isə bazardakından 20-25 faizə qədər ucuzdur. Satışda kartof, soğan, çiyələk, gilas, şaftalı üstünlük təşkil edir. Mal əti 4 manata, qoyun əti isə 4 manat 50 qəpiyə təklif olunurdu. Alış-veriş üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyətinə nəzarət edilirdi.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan gətirilmiş 59 ton 300 kiloqram məhsul təklif olunurdu. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı və digər məhsullar çoxluq təşkil edirdi. Burada da alıcılar məhsulun çeşidinin çoxluğundan, keyfiyyətindən və qiymətlərin ucuzluğundan razılıq edirdilər.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 12 ton 300 kiloqram məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsindəki, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya fermerlər təzə meyvə-tərəvəz, bostan və süd məhsulları çıxarmışdılar. Şəhər sakinlərinə pomidor, kök, qarpız, kələm, kartof, lobya, badımcan, digər məhsullar bazardakından 30-35 faiz ucuz qiymətlərə təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, Qazax və Ağsudan yarmarkaya 19 tondan artıq məhsul gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli texniki peşə liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və Goranboy fermerləri satışa ucuz qiymətlərə təzə kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından 35,4 ton meyvə-tərəvəz gətirilmişdi. Goradil, Giləzi broyler fabrikinin nümayəndələri isə alıcılara 20 min ədəd yumurta təklif edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
