BAKIDA “NÜVƏ ELMİ VƏ ONUN TƏTBİQİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla anmış və məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Tədbirin iştirakçıları sonra Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Konfransın işində Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın əlaqədar strukturları ilə yanaşı, ABŞ, Polşa, Almaniya, Avstriya, Rusiya, Ukrayna və Gürcüstandan nümayəndələr və beynəlxalq strukturlardan çoxlu sayda mütəxəssislər də iştirak edirlər. Tədbirdə nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində görülən işlər müzakirə edilmişdir.
AMEA-nın prezidenti akademik Mahmud Kərimov, Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru professor Adil Qəribov, Türkiyənin nüvə enerjisi qurumunun rəhbəri Zəfər Alper və başqa çıxışçılar nüvə texnologiyalarının tətbiqindən, bununla bağlı təhlükəsizlik məsələlərindən, nüvə fizikası və nüvə elminin inkişaf dinamikasından, Azərbaycanın Ermənistanla sərhədləri boyunca radiasiya aktivliyinin müşahidə edilməsindən, nüvə texnologiyalarının kənd təsərrüfatında, sənayedə, səhiyyədə və digər sahələrdə tətbiqindən danışmışlar.
Konfrans öz işini noyabrın 3-dək davam etdirəcəkdir.