Bakıda prezident seçkilərində polisin xidməti fəaliyyətinə dair seminar-müşavirə keçirilib VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində 2018-ci il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan yekun seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 31 mart - azərbaycanlıların soyqırımı qurbanlarının, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri, nazirliyin Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Daşqın Mehdiyev, MSK-nın təmsilçiləri, eləcə də respublika üzrə fəaliyyət göstərən 43 dairə seçki komissiyalarının sədrləri və 23 şəhər və rayon polis orqanlarının nümayəndələri, ATƏT-in uzunmüddətli müşahidəçiləri iştirak ediblər.
Seminar-müşavirədə çıxış edən ombudsman Elmira Süleymanova ölkəmizdə insan hüquqlarının müdafiəsi və vətəndaşların seçki hüququnun təmin edilməsi sahəsində görülən işlərdən danışıb. Müvəkkil bildirib ki, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmin olunması böyük əhəmiyyət kəsb edir və xüsusi yer tutur. Hakimiyyətin formalaşmasında, dövlət idarəçilik sistemində seçki hüququ mühüm rol oynayır.
Diqqətə çatdırılıb ki, bununla bağlı olaraq MSK tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üzrə təqvim planı təsdiqlənib. Həmin plana uyğun olaraq, respublikanın bütün bölgələrində belə tədbirlər təşkil edilir. Bu tədbirlərin təşkilində məqsəd Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsidir. Ölkəmizdə seçkilərin keçirilməsi sahəsində böyük təcrübənin qazanıldığını diqqətə çatdıran Ombudsman prezident seçkilərinin də yenə də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminliyini ifadə edib.
Məlumat verilib ki, fevralda dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirləri keçirilib. Seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş regional seminar-müşavirələr isə martın 26-da Gəncədə, 28-də Şirvanda, 30-da isə Şəkidə təşkil olunub.
Ombudsman seçki qanunvericiliyinə əsasən, polis əməkdaşlarının xidməti vəzifəsinin təşkili, xüsusən polisin üzərinə düşən vəzifələr, yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələr haqqında da seminar iştirakçılarına ətraflı məlumat verib. Şəxsiyyəti təsdiq edən hər hansı sənədi olmayan vətəndaşlara pasport və qeydiyyat şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi, seçki günü hüquq mühafizə orqanları əməkdaşlarının təhkim olunduqları seçki məntəqələrində ictimai asayişin qorunması istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.
Tədbirdə MSK-nın üzvü İlkin Şahbazov seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları barədə məruzə ilə çıxış edib. Bildirilib ki, MSK prezident seçkiləri ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. Belə seminar-müşavirələr seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin profilaktik işin təşkili idarəsinin rəisi, polis polkovniki Əziz Baqişev seçki kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən, səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsindən danışıb. Bildirilib ki, prezident seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm rol oynayır. Seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib və icrası nəzarətə götürülüb. Tədbirlər planına əsasən, respublikamızın bir neçə regionunda, o cümlədən Gəncə Şəhər Baş Polis İdarəsində, Şirvan və Şəki şəhər-rayon polis şöbələrində zona seminar-müşavirələri təşkil olunub.
Diqqətə çatdırılıb ki, respublikamızın bir neçə regionunda keçirilən belə müşavirələrin əsas məqsədi daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir. Daxili İşlər Nazirliyinin bütün orqan və nizami polis hissələri prezident seçkiləri ərəfəsində və səsvermə günündə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Səsvermə başa çatandan sonra seçki bülletenlərinin və digər sənədlərin dairə seçki komissiyalarına və MSK-ya gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsi çox vacibdir. Seçkilərlə bağlı keçirilən tədbirlərdə yaddaş kitabçaları polis orqanlarına paylanılıb.
MSK-nın üzvü İlham Məmmədov çıxışında seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi, seçki günü polis əməkdaşlarının fəaliyyəti və digər məsələlərdən bəhs edib.
Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.