İQTİSADİYYAT
Bakıda “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusunda tədbir keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
“Azərkosmos” və Kosmik Nəsil Məşvərət Şurasının təşkilatçılığı, ADA Universitetinin dəstəyi ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan” (SG Azerbaijan) tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunub.
Bütün dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar” günü kimi qeyd edilir. Bu əlamətdar gün qızları informasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sektorda rolunun artırılmasına dəstək vermək məqsədini daşıyır.
“SG Azerbaijan” tədbirində əsasən 18-35 yaş qrupuna aid olan tələbələr, gənc mütəxəssis və alimlər, kosmos həvəskarları kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrində və vebinarlarda, master-klass və netvörkinqdə iştirak ediblər.
Qadinların STEAM (elm, texnologiya, təhsil, mühəndislik, art və riyaziyyat) kosmik sahə və innovasiyada rolunun gücləndirilməsi haqqında maraqlı panel müzakirələrdə Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları qızlara İKT sahəsinin vacibliyi haqqında öz tövsiyələrini veriblər.
Tədbirin aktiv hissəsində iştirakçılar “James Webb” kosmik teleskopunun hazırlanmasına həsr olunmuş master-klasında yeni üsullar öyrəndilər.
Daha sonra iştirakçılar ABŞ-ın aerokosmik şirkəti “Axiom Space” alimi Lusi Lou tərəfindən kosmik stansiyaların yaranması və kommersiyalaşması haqqında və SGAC-in gender bərabərliyi mövzusuna dair vebinarlara qoşuldular.
Tədbirin sonunda ölkəmizin istedadlı gəncləri – fizika və astronomiya üzrə Kopernik olimpiadasının qalibi Qəndab Məmmədova, ActInSpace hakatonunun qalibi, UFAZ-ın Nexus komandası, “Zəhra kosmosda” platformasının təsisçisi Zəhra İmanova və Azərkosmosun mühəndisi Rövşanə Bəhmənli “Kosmosda gələcək nəsil liderlər” mövzusuna dair çıxış ediblər.
Yekun olaraq qonaqlara oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat verildi və konqresdə iştirak etmək üçün iştirakçılar arasında lotereya keçirilib.