BAKIDA “QİƏT REGİONUNDA TURİZM İMKANLARI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev konfransın açılışında çıxış edərək, region ölkələrində turizm sahəsinin inkişafı təcrübəsini zənginləşdirmək üçün belə mötəbər forumun əhəmiyyətini vurğuladı. O, Dünya Turizm Təşkilatının baş katibi Françesko Franjiallinin təbrik məktubunu oxudu. Məktubda deyilir: “Bu mühüm beynəlxalq tədbirin keçirilməsi sübut edir ki, QİƏT ölkələri çox böyük turizm potensialına, - onun əsasını zəngin təbii və mədəni-tarixi irs təşkil edir,- malik olan bu geniş region ölkələrinin sosial-iqtisadi tərəqqisi naminə mühüm vasitə kimi turizmi inkişaf etdirmək niyyətindədirlər”.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, QİƏT-in baş katibi Valeri Çeçelaşvili konfrans iştirakçılarını təbrik etdilər.
Sonra konfransda QİƏT ölkələrinin turizm potensialının təqdimatı oldu. Gənclər, İdman və Turizm Nazirliyi Baş Turizm İdarəsinin rəisi Natiq Məmmədov Azərbaycanın bu sahədə potensialı, ölkə rəhbərliyinin turizmin inkişaf etdirilməsi üçün gördüyü tədbirlər barədə məlumat verdi.
Sentyabrın 26-da başa çatacaq konfransda viza prosedurlarının sadələşdirilməsi, turizm sahəsində kadrlar hazırlanması, xidmətin sertifikatlaşdırılması, iqtisadiyyatın bu sahəsinə sərmayə cəlb olunması, Böyük İpək Yolu boyunca yerləşən ölkələrdə turizmin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək nəzərdə tutulmuşdur.