BAKIDA ÜÇÜNCÜ AZƏRBAYCAN BEYNƏLXALQ AVTOMOBİL SƏRGİSİ AÇILMIŞDIR
Mərasimdə Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Natiq Zərbəliyev və İTECA Caspian şirkətinin direktoru Fərid Məmmədov belə bir faydalı tədbirin yenidən keçirilməsindən məmnunluq duyduqlarını və Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində indi ölkənin hərtərəfli inkişaf etdiyini nəzərə çarpdırmışlar.
Qeyd olunmuşdur ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi islahatlar avtomobil sənayesinə də öz müsbət təsirini göstərmişdir. Bu gün Bakıda artıq 3-cü dəfədir təşkil olunan Beynəlxalq avtomobil sərgisi bir çox yerli və xarici şirkətlər arasında əməkdaşlıq əlaqələrinin qurulmasında, dünyada tanınmış şirkətlərin ölkəmiz və onun böyük iqtisadi potensialı haqqında daha geniş məlumat əldə etməsində, bizneslərinin Azərbaycanda təşkilində, sahibkarların tərəfdaşlıq əlaqələrinin genişlənməsində, həmçinin Azərbaycanın avtomobil sənyesinin bərpa və inkişafı istiqamətində atılan addımdır.
Bu sərginin otən ildəkinə nisbətən sahəcə təxminən 40 faiz artdığını bildirən natiqlər qeyd etmişlər ki, 2005-ci il sərgisində iştirak etməyən bir çox şirkətlər də bu tədbirə qatılmışlar. İndiki sərgidə “Daimler Chrysler”, “General Motors” və “BMW” kimi üç nəhəng şirkətin rəsmi təmsilçiləri iştirak edirlər.
Məlumat verilmişdir ki, artıq üçüncü dəfə keçirilən beynəlxalq sərgidə 18 ölkənin 60-dan çox aparıcı şirkəti iştirak edir və bunların 26-sı Azərbaycan bazarına ilk dəfə daxil olmuşdur.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.