Bakıda Ümumdünya Ədalətli Oyun Günü qeyd olunub
Bakı, 8 sentyabr, AZƏRTAC
Milli Olimpiya Komitəsində 7 sentyabr - Ümumdünya Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Ədalətli Oyun Günü idmanda ədalətli oyunu və etik dəyərləri təşviq etmək üçün nəzərdə tutulmuş idman təşəbbüsüdür. Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev qeyd edib ki, istər meydanda, istərsə də meydandan kənarda idmanla məşğul olanlar hər il bu tarixdə ədalətli oyun təşəbbüsləri, layihələr və uğurlar haqda məlumat paylaşırlar.
Sonra “Spirit of Fair Play” beynəlxalq foto müsabiqənin nominantları - fotoqraflar İlqar Cəfərov, Zaur Mustafayev və Fərqanə Qasımlıya diplomlar təqdim olunub.
X.İsayev “Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyası üzrə “Con Borotra” Dünya Ədalətli Oyunlar diplomunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.
Tədbirdə qeyd olunub ki, Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının Baş Assambleyası çərçivəsində nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimində Ç.Hüseynzadə bu mükafatla təltif olunub. Ç.Hüseynzadə bu mükafata indiyədək ədalətli oyun prinsiplərinin təbliği, Avropa və Beynəlxalq Ədalətli Oyunlar hərəkatları ilə əlaqələrin qurulması istiqamətində gördüyü mühüm işlərə görə layiq görülüb. Azərbaycan və dünya idmanının inkişafında xidmətləri olan MOK-un vitse-prezidentinin rəhbərliyi ilə keçirilən tədbirlər yüksək səviyyədə və ədalət prinsiplərinə sadiqlik şəraitində keçib. O, Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyasında ilk dəfə Azərbaycanı təmsil edib. Avropa Olimpiya Komitəsinin “Şərəf” ordeni ilə təltif olunub.
Ç.Hüseynzadə çıxışında bildirib ki, MOK-un Ədalətli Oyunlar Komissiyası hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə ilin sonunda, eləcə də müxtəlif yarışlarda 6 nominasiya üzrə mükafatlar təsis edir. Bundan başqa gənc nəslin diqqətini cəlb etmək məqsədilə bir sıra tədbirlər keçirilir.
Sonra MOK-un Ədalətli Oyunlar Komissiyası, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının ölkəmizdəki təmsilçisi İNBA Qlobal Azərbaycan Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sonda qonaqlar İncəsənət Gimnaziyasının skripkaçılar ansamblının ifasını dinləyiblər.