MƏDƏNİYYƏT
Bakıda Zapaşnı qardaşlarının rəhbərliyi ilə Böyük Moskva Sirkinin fantastik şousu təqdim olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Heydər Əliyev adına İdman Arenasında Zapaşnı qardaşlarının rəhbərliyi ilə Böyük Moskva Sirkinin “UFO” adlı fantastik şousu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşaçılara nadir işıq, lazer və səs effektləri, insan bacarığının son həddi sayıla bilən inanılmaz hərəkətlər, dinamik dekorasiyaların ən yeni texnologiyaları ilə birlikdə fantastik sirk şousu nümayiş olunub. Şouda Böyük Moskva Dövlət Sirkinin 80 artisti iştirak edib.
“UFO” dünyada ən böyük sirk şoularından biridir. Onun süjeti kosmik boşqabın göyərtəsində cərəyan edir. Uzaq qalaktikaların sakinləri tərəfindən oğurlanmış Yer planetindən olan İnsan gəlmələrin gəmisində istəmədən qonaq olur. O, gəmiyə düşəndə yadplanetli zəkası və dünyadan kənar sivilizasiya ilə tanış olaraq, özü üçün kainatın gizli dərinliklərini kəşf edir.
Fantastik sirk şousunda macəra, sirkin qübbəsi altında kosmik gəmilərin və naməlum uçan obyektlərin həyəcanlı uçuşları, sirli varlıqlarla görüşlər, akrobatlar, gimnastlar, jonqlyorlar, klounlar və digər artistlərin ifasında “qeyri-insani bacarıqlar”la bağlı sirk nömrələri tamaşaçıların böyük marağına səbəb olub.