Bakıdakı 16 nömrəli liseydə şairlə görüş olmuşdur
Bakı, 17 may (AZƏRTAC). Mayın 16-da “Dünya Ana və Uşaq” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıdakı 16 nömrəli liseydə şair Zərəngiz Dəmirçi Qayalı ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, liseyin direktoru Ülviyyə Vəliyeva Z.D.Qayalının həyat və yaradıcılığı haqqında məlumat vermiş, şairin əsərlərindəki vətənpərvərlik ruhundan, gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyətə malik olan yurd, torpaq sevgisindən danışmışdır.
Bildirilmişdir ki, Zərəngiz Dəmirçi Qayalı 1962-ci il yanvarın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş, bu kənddəki 2 nömrəli orta məktəbi bitirmişdir. Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almaqla yanaşı, həm də istehsalatda çalışmışdır. Z.D.Qayalı 1992-ci ildə universiteti bitirdikdən sonra AZƏRTAC-da əmək fəaliyyətini davam etdirmişdir.
İlk şeiri 1979-cu ildə Qazax rayonunda çıxan “Qalibiyyət bayrağı” qəzetində, ilk yaradıcılıq bəhrəsi olan “Haqqı sevdim” kitabı “Nurlan” nəşriyyatında işıq üzü görmüşdür. Bir-birinin ardınca “Vəfam mənim”, “Güllələnmişlər”, “Qayalı” kitabları çapdan çıxmışdır.
“Qızıl qələm”, “Məhsəti” və başqa media mükafatlarına, bədii yaradıcılığına görə Gürcüstandakı Heydər Əliyev adına Universitetin fəxri diplomuna, Azərbaycan Yazıçılar Birliyi Azad Yazarlar və Sənətçilər Qurumunun “2006-cı ilin “Qadın şairi” adına layiq görülmüşdür. 2007-ci ildə “Güllələnmişlər” və “Vəfam mənim” kitabları “İlin Qarabağ mövzusunda yazan şairinin kitabı”, “Qayalı” kitabı “2008-ci ilin qadın şairinin kitabı” nominasiyalarında qalib olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə 2009-cu ildə Prezident mükafatına layiq görülmüşdür.
“Dünya Ana və Uşaq” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva şairin Türkiyə Əskişəhər bələdiyyəsi yanında Şairlər Məclisinin “Şərəf” diplomuna, Təbriz şairlər məclisinin “Ziya“ diplomuna, Gəncə mədəniyyət mərkəzinin “Təşəkkürnamə”sinə, Goranboy Rayon İcra Hakimiyyətinin fəxri diplomuna layiq görüldüyünü bildirmişdir.
Tarix üzrə fəlsəfə doktoru Məhəmməd Teymurzadə, şairlər Fəxrəddin Meydanlı, Teymur Dəmirli, Balayar Sadiq, Əzizə Ağahüseynqızı, Mərcan Şahbuzlu, kinoşünas Sədaqət Kamal, Dünya Azərbaycanlıları Konqresi Gənclər Şurasının sədri Seymur Həsənli və başqaları Z.D. Qayalının şeirlərində anaya, övlada, torpağa, Vətənə sevgidən danışmışlar.
“Kitab Evi” İctimai Birliyinin sədri, filologiya elmləri namizədi, yazıçı-publisist Salatın Əhmədli ədəbiyyatımıza göstərdiyi xidmətlərinə görə şairə “Varis” diplomunu təqdim etmişdir.
Əməkdar Artist Eldost Bayram, aşıq Şükufə Naxçıvanlı, qiraətçi Ülkər Piriyeva Z.D.Qayalının poeziya nümunələrini söyləmiş, liseyin şagirdləri şairin şeirləri əsasında ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Sonda Z.D.Qayalı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.