Bakıdakı Rus evində rus dili və ədəbiyyat müəllimləri üçün metodik seminar keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Bakıdakı Rus evində rus dili və ədəbiyyat müəllimlərinin, pedaqoji ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə metodik seminar keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, psixoloq, Moskva şəhərindəki “Gənc mediator” hərəkatının rəhbəri Lidiya Paksivatova “Məktəblilərin tərbiyə prosesində səmərəli kommunikasiyalardan istifadə edilməsi” mövzusunda mühazirə ilə çıxış edib.
Seminarda məktəb kollektivlərində yaranan müxtəlif münaqişə vəziyyətlərinin həll edilməsi, əlverişli və təhlükəsiz tədris məkanı, başqalarına hörmət münasibətinin formalaşmasında sağlam psixoloji mühitin yaradılması metodikaları nəzərdən keçirilib.
İştirakçılara praktik metodikalar nümayiş olunub, onların müxtəlif münaqişə vəziyyətlərində istifadə edilməsi üzrə fəal diskussiya aparılıb.
Azərbaycanın Rusdilli Tədris Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina seminara yekun vurub.