Bakının və Abşeron yarımadasının bəzi yerlərində gecə və axşam qısamüddətli yağış yağacağı gözlənilir
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 29-33° isti, Bakıda gecə 20-22°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacağı gözlənilir.
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir sürətlənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15° , gündüz 21-26° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 27-32° isti, dağlarda gecə 17-19°, gündüz 20-25° isti olacağı ehtimalı var.