Balaca artistlərin böyük uğuru
Bakı, 11 may (AZƏRTAC). Türkiyə Radio-Televiziya Baş İdarəsi televiziya bölümünün rəhbərliyi və TRT-AVAZ kanalının xarici əlaqələndiricisi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təşəkkür məktubu göndərərək, Bursa şəhərində TRT-nin təşkilatçılığı ilə keçirilmiş XXXIII Beynəlxalq uşaq festivalında azərbaycanlı balaca artistlərin uğurlu çıxışlarından razı qaldıqlarını bildirmişlər. Məktubda ölkəmizi festivalda yüksək səviyyədə təmsil etmiş, qonaqlara və tamaşaçılara xalq oyunlarından nümunələr göstərmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (ADMKT) Yaradıcılıq Studiyasının balaca rəqqaslarına və rəqs qrupunun rəhbəri Əminə Musayevaya xüsusi təşəkkür edilməsi xahiş olunur.
ADMKT-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər il olduğu kimi, bu il də həmin festivalda dünyanın 50-yə yaxın ölkəsindən balaca istedadlar iştirak etmişlər. Festivalda ölkəmiz Dövlət Musiqili Komediya Teatrının ən balaca artisləri - Yaradıcılıq Studiyasının üzvləri ilə təmsil olunmuşdur.
Festivalda Yaradıcılıq Studiyasının rəqs kollektivinin 8 yaşdan 13 yaşadək 20 solisti Azərbaycanın milli rəqslərindən ibarət möhtəşəm konsert proqramı təqdim etmişdir. Azərbaycanlı uşaqların çıxışları TRT-AVAZ kanalı ilə canlı yayımlanmışdır.
Azərbaycanlı uşaqlar eyni zamanda dəvət olunmuş nümayəndələr arasından seçilən 10 ölkənin balaca elçiləri ilə birlikdə İstanbuldakı şənliklərdə də iştirak etmişlər.