BALAKƏN AVİASİYA MƏRKƏZİNDƏ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində yerinə yetirdiyi tədbirlər proqramı çərçivəsində iyunun 24-də Balakən Aviasiya Mərkəzində geniş mərasim keçirilmişdir.AZƏRTAC-ın müxbiri xəbər verir ki, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr gününə həsr edilmiş təntənəli mərasimi giriş sözü ilə açan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov əlamətdar bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Ordumuzun yaradılması, möhkəmləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmışdır.
Prezident İlham Əliyevin Azərbaycanda ordu quruculuğuna müntəzəm diqqət və qayğısı nəticəsində bu gün ölkəmizdə intizamlı və mütəşəkkil silahlı qüvvələrin yarandığını bildirən şuranın sədri, 14 il əvvəlki dağınıq, siyasiləşmiş silahlı dəstələrdən artıq əsər-əlamət qalmadığını, bugünkü silahlı qüvvələrimizin düşmənin hər hansı bir təcavüzünə layiqli cavab verə biləcək, müasir silahlarla təchiz olunmuş əzəmətli bir qüvvəyə çevrildiyini iftixarla qeyd etmişdir.Ali baş komandan Prezident İlham Əliyevin öz çıxışlarında yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliği işini həmişə ön plana çəkdiyini nəzərə çatdıran cəmiyyətin rəhbəri, bu baxımdan KHVTİC Respublika Şurasının qarşısında da mühüm vəzifələr qoyulduğunu, ordu və iqtisadiyyat üçün mütəxəssislər hazırlayarkən gənclərdə bu hisslərin formalaşmasına daha çox diqqət yetirildiyini xüsusi vurğulamışdır.
Polkovnik Novruzəli Orucov çıxışının sonunda iyirmi ilə yaxın müddətdə istifadəsiz qalmış, KHVTİC-nin maddi köməyi ilə cari ilin mayında istifadəyə verilmiş Balakən Aviasiya Mərkəzində çox qısa müddətdə idmançı-paraşütçülərin hazırlanması sahəsində görülən işlərdən razı qaldığını bildirmişdir.
Mərasimdə çıxış edən Balakən rayon icra hakimiyyəti başçısının birinci müavini Azad Balayev tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, Aviasiya Mərkəzinin hərbçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra KHVTİC-nin Balakən, Zaqatala, Bakı və Sumqayıt texniki idman klublarının yetirmələri məharətlərini nümayiş etdirmişlər. Məşqçi-dalğıclar Elsevər Əliyev və Dmitri Sekovun su hovuzunda sualtı döyüş hazırlığı ilə bağlı nümayiş etdirdikləri hərəkətlər, aviamodelçilərin nümunəvi çıxışları tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Mərasimin ən həyəcanlı anları isə AN-2 təyyarələri ilə havaya qalxan gənc desantçıların düşmənin yerdəki rəmzi döyüş mövqelərinə paraşütlə enərək, sarsıdıcı zərbə endirmələri oldu. Azərbaycan bayrağı ilə tullanan paraşütçünün birbaşa rəmzi düşmənin döyüş səngərinə enməsini mərasim iştirakçıları sürəkli alqışlarla qarşıladılar.