Balakəndə 68 şahmatçı 3 yaş qrupunda mübarizə aparıb
Balakən, 9 may, AZƏRTAC
Balakən Uşaq Gənclər İdman-Şahmat Məktəbi və Gənclər İdman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 ildönümünə həsr olunmuş turnir başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şahmat turniri 6, 8 və10 yaşa qədər oğlan və qızlar arasında keçirilib. Turnirin bağlanış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin təşkilatçıları çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, gənclər siyasətinin inkişafında və idmana göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə şahmata və şahmatçılara xüsusi diqqət göstərib, yeni nəsil şahmatçıların yetişməsi üçün gənc nəslə hər cür dəstək göstərilməsini təmin edib.
Turnirə 68 nəfər şahmatçı qatılıb və hər yaş qrupunda qaliblər müəyyənləşib. 1-3-cü yeri tutan oğlan və qız şahmatçılar diplom və kubokla, diplomlarla təltif olunublar.
Müxbir - Rasim İslamoğlu