CƏMİYYƏT
Balakəndə gənclər hərbi xidmətə yola salınmışlar
Balakən, 4 oktyabr (AZƏRTAC). Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən, Balakəndə çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhərdəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən təntənəli mərasimdən əvvəl çağırışçı gənclər ulu öndərin parkda ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla anmışlar.
Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın məzarları ziyarət olunmuşdur.
Rayon rəhbərliyi, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Quliyev ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər barədə danışmış, bu sahəyə göstərilən yüksək dövlət qayğısından bəhs etmişdir.
Mərasimdə çıxış edənlər gənclərə Vətənin keşiyində ayıq-sayıq durmağı, hərbi biliklərə dərindən yiyələnməyi tövsiyə etmişlər.
Bədii proqramdan sonra çağırışçı gənclər Azərbaycan bayrağı və müqəddəs Quranın altından keçərək hərbi hissələrə yola düşmüşlər.