Balakənin “ASAN xidmət” könüllüləri Ulu Öndərin irsini dərindən öyrənirlər
Balakən, 16 may, Mustafa Dadaşov, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Balakən rayon Heydər Əliyev Mərkəzi və Balakən regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “ASAN xidmət” könüllülərinin Ulu Öndərin irsi ilə yaxından tanış olmaları məqsədilə layihə həyata keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə çərçivəsində “ASAN xidmət” mərkəzinin könüllüləri üçün Heydər Əliyev Mərkəzində seminarlar təşkil olunub. Seminarlarda Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu və Azərbaycanın inkişafı üçün göstərdiyi misilsiz xidmətlər haqqında məruzə və çıxışlar dinlənilib. Eyni zamanda, Ulu Öndərin müxtəlif sahələrə olan diqqət və qayğısından bəhs edən mühazirələr oxunub, film nümayişləri, sərgilər təşkil edilib, ekskursiyalar həyata keçirilib.
Layihədə fəal iştirak edən könüllülər Balakən rayon Heydər Əliyev Mərkəzi tərəfindən sertifikatlarla təltif ediliblər.