BAMF-ın prezidenti: Avropa Parlamenti növbəti dəfə ermənipərəst mövqeyini ortaya qoydu
Bakı, 12 mart, AZƏRTAC
Avropa Parlamentinin son qərarını hazırlayan şəxslər (iki nəfər istisna olmaqla) sanki regiondan xəbərsizdirlər. Bu, qətnamə olmaqdan əlavə, həm də Avropa Parlamentinin, ümumiyyətlə, regiona münasibətini ifadə edir. Qətnamənin məzmununa baxdıqda ölkəmizə olan münasibət, yumşaq desək, çox məyusedicidir. Avropa Parlamenti dünyanın taleyinə təsir edə biləcək beynəlxalq qurumlardan biridir. Onun sərgilədiyi münasibət və verdiyi qərarlar hər zaman dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Lakin hazırda avropalı parlamentarilər bu qətnaməni qəbul etməklə özlərinin iç üzünü ifşa etdilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
U.Mirzəyev, həmçinin vurğulayıb ki, Avropa Parlamenti növbəti dəfə ermənipərəst mövqeyini ortaya qoydu. Onun sözlərinə görə, ermənilərin maraqlarına xidmət edən bu qətnamə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına yalnız mənfi təsir göstərəcək.
“Çünki Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan doqquz ölkə ilə strateji əlaqələrə malikdir. Bununla bərabər, Azərbaycan Avropa İttifaqı ilə imzalanacaq sənəd üzərində işləri tamamlamaq üzrədir. Belə olan halda, Avropa Parlamenti ermənilərin sifarişi əsasında, habelə onların maraqlarına xidmət edən qətnamə qəbul edir. Bu qətnamə Avropa Parlamentinin nə adına, nə də statusuna yaraşmır. Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman Avropa Parlamentinin bu hərəkəti özlərinin kimliyi haqqında ortaya çox maraqlı fikirlər çıxarır. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış mədəni irs obyektlərinə qarşı biganəlik göstərildi. Məscidlərdə saxlanılan heyvanlara, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşıb, erməniləri buna görə qınamadılar, onlara qarşı heç bir tədbir görmədilər. Çox təəssüf ki, Qafqaz-Alban mədəniyyətinə aid obyektlərin adının dəyişdirilərək erməniləşdirilməsi müzakirə predmeti olduğu halda, Avropa Parlamentinin istiqaməti yenə yalan üzərinə hədəfləndi”, - deyə U.Mirzəyev vurğulayıb.
BAMF-ın prezidenti Azərbaycanın 44 günlük Vətən müharibəsində ədaləti bərpa edərək zaman-zaman mənimsənilmiş irsinə sahib çıxdığını da bildirib.