BANM-də “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Karyera Mərkəzlərinin II Strateji İnkişaf Konfransı keçirilib.
Tədbirin təşkilində məqsəd ali təhsil müəssisələrində peşəyönümü məsləhət xidmətinin fəal formada həyata keçirilməsinin dəstəklənməsi, karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsinə və standartların tətbiqinə töhfə vermək, Karyera mərkəzləri arasında qarşılıqlı təcrübə mübadiləsinə təkan vermək, beynəlxalq təcrübənin yerli standartlara uyğunlaşdırılmış formada tətbiqi, karyera mərkəzlərinin agentliklə olan əlaqələrinin gücləndirilməsi və qarşılıqlı faydalı fəaliyyətin tənzimlənməsi olub.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin iştirak etdikləri konfransda çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsinin və genişləndirilməsinin əhəmiyyətindən danışıb, universitetlərdə əmək bazarının tələbatına uyğun, bacarıqlı mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.
BANM-də əmək bazarının tələbatına uyğun ixtisaslarda tədris həyata keçirildiyini söyləyən rektor bu təhsil müəssisəsində hazır kadr kimi yetişən yüksəkixtisaslı, ingilisdilli məzunların SOCAR-da, müxtəlif yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində uğurla fəaliyyət göstərdiklərini bildirib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli rəhbərlik etdiyi agentliyin fəaliyyəti, ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımlardan bəhs edib.
M.Abbasbəyli bildirib ki, təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarı üçün lazımi mütəxəssislərin hazırlanmasında səmərəli nəticələr verir və məşğulluğun təmin olunmasında ən dayanıqlı alət təhsildir.
Peşəyönümü məsləhət xidmətinin gənclərin əmək bazarı ilə bağlı məlumatlılığının artmasında, onların karyera planlamasında önəmli dəstək olduğu vurğulanıb.
Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra yeni layihələrin - “Peşələr atlası”, “Məzunların məşğulluq reytinqi” platformasının önəmi diqqətə çatdırılıb. Peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması istiqamətində işlərin də davam etdirildiyi bildirilib.
M.Abbasbəyli universitetlərdə fəaliyyət göstərən Karyera mərkəzlərinin əhəmiyyətindən danışaraq, agentliyin bu mərkəzlərlə yaxından əməkdaşlıq etdiyini, uğurlu nəticələrin əldə edildiyini söyləyib. O, təhsil, məşğulluq və əmək bazarı arasında körpünün daha təkmil şəkildə qurulmasının əsas çağırış və hədəflərdən olduğunu diqqətə çatdırıb. Sədr bildirib ki, universitetlərin Karyera mərkəzlərinin fəaliyyəti gücləndirilməli, təkmilləşdirilməli və standartların tələblərinə uyğunlaşdırılmalıdır.
Sonra agentlik tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının və “Karyera mərkəzlərinin standartları” ilə bağlı tövsiyə sənədinin təqdimatı olub.
Qeyd edilib ki, “Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək, məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Platforma ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərini, onların məzunlarını və abituriyentləri əhatə edir.