Baş icraçı direktor: Azərbaycan dünya səviyyəli enerji aktivlərinə malik olmağa davam edir
Bakı, 2 iyun, AZƏRTAC
Xəzər regionu olduqca perspektivli bir enerji məkanıdır. Xüsusilə Azərbaycan dünya səviyyəli enerji aktivlərinə malik olmağa davam edir.
AZƏRTAC xəbər verir ki, bunu “GL Group”un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov “Bakı Enerji Forumu”nun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında çıxışı zamanı deyib.
Asif Zeynalov qeyd edib ki, burada həm ənənəvi, həm qeyri-ənənəvi ehtiyatlar, həm neft, həm qaz, həm də yetkin və kəşfiyyat mərhələsində olan yataqlar mövcuddur. Hələ də qiymətləndirilməmiş çoxsaylı imkanlar qalır. Ölkənin Orta Dəhlizin mərkəzində yerləşməsi logistika və təchizat zəncirləri baxımından mühüm üstünlüklər yaradır. Azərbaycan sabitliyi ilə özünü sübut etmiş bir ölkədir, bu amil investorlar və operatorlar üçün xüsusi cəlbedicilik yaradır. Digər mühüm üstünlük isə mövcud infrastrukturun inkişaf etmiş olmasıdır. Boru kəmərləri sistemi artıq fəaliyyət göstərir və yeni investorlar böyük həcmdə ilkin kapital yatırmadan bu imkanlardan yararlana bilirlər.
“Hesab edirik ki, xüsusilə yetkin yataqlarda hələ də böyük potensial mövcuddur. Müasir texnologiyaların tətbiqi, əməliyyat intizamının gücləndirilməsi, kapitalın səmərəli idarə olunması və təşkilati imkanların inkişaf etdirilməsi sayəsində bu potensialı reallaşdırmaq mümkündür. Bu gün Azərbaycana böyük optimizmlə baxırıq. İnanırıq ki, peşəkar idarəetmə və daha sıx əməkdaşlıq vasitəsilə enerji sektorunun növbəti inkişaf mərhələsinə keçmək və əlavə dəyər yaratmaq mümkündür. Mənə görə, əməkdaşlıq gələcək uğurun əsas açarlarından biridir və bu istiqamətdə görüləcək işlər hələ çoxdur”, - deyə baş icraçı direktor əlavə edib.