Rövşən Nəcəf: Azərbaycan qarşıdakı onilliklər ərzində tərəfdaş ölkələrin etibarlı enerji təchizatçısı olacaq
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan qarşıdakı onilliklər ərzində təbii qaz hasilatını artırmağa davam edəcək və tərəfdaş ölkələrin etibarlı enerji təchizatçısı olaraq qalacaq.
AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf “Bakı Enerji Forumu”nun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında çıxışı zamanı deyib.
SOCAR-ın prezidenti qeyd edib ki, tərəfdaşlarımızla müzakirə etdiyimiz əsas prioritetlərdən biri daha çox qazın Avropaya nəqlini təmin etmək üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Lakin bu layihə ilə bağlı vəziyyət son beş ildə müzakirə etdiyimiz məsələlərdən fərqlənmir. Biz daha çox qaz tədarük etməyə və infrastrukturu genişləndirməyə hazırıq. Bunun üçün isə Avropadakı tərəfdaşlarımızın uzunmüddətli qaz alış müqavilələri üzrə öhdəlikləri və genişlənmə layihələrinin maliyyələşdirilməsində dəstəyi vacibdir.
“Azərbaycandakı hasilat perspektivlərinə gəldikdə isə fikrimcə, qarşıda mühüm investisiya imkanları mövcuddur. Dünən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından əldə olunan səmt qazının ilk hasilatını qeyd etdik. Bundan əlavə, “Babək” kimi perspektivli layihələrimiz, dənizdə yeni yataqların işlənməsi və digər təşəbbüslərimiz var. Bütün bu layihələr daxili tələbatın ödənilməsi və ixrac üçün bazara əlavə qaz həcmlərinin çıxarılmasına imkan verəcək”, - deyə o qeyd edib.