Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndə
Balakən, 2 iyun, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndə konsert proqramı ilə çıxış edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Balakən şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında baş tutan konsertdə əvvəlcə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Həcər Məmmədova çıxış edərək göstərilən qonaqpərvərliyə, xoş qarşılanmaya görə rayon icra hakimiyyətinə təşəkkürünü bildirib.
Daha sonra səhnədə çıxış edən balaca ifaçılar həm milli musiqimizi, həm də klassik əsərləri böyük peşəkarlıqla təqdim edərək tamaşaçılar tərəfindən böyük rəğbət qazanıblar. Qeyd edək ki, tədbir uşaqların musiqi dünyasına daha geniş imkanlar açmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və bölgələrarası mədəni əlaqələri gücləndirmək məqsədi daşıyıb.
Konsertin sonunda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbirin həm mədəni, həm də maarifləndirici dəyərinə toxunub, təşkilatçılara və iştirakçılara təşəkkür edib.
Sonda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
Müxbir - Rasim İslamoğlu