Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib
Bakı, 2 iyun, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri Martha Koomenin rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.
Nümayəndə heyəti əvvəlcə Şuşa şəhərində olub. Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtının tarixi və memarlıq abidələri ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyəti dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Şuşa qalasını və dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət edib. Qonaqlara Şuşa şəhərinin zəngin tarixi-mədəni irsi, işğal dövründə şəhərə vurulmuş ziyan və azad edildikdən sonra burada həyata keçirilən bərpa işləri barədə məlumat təqdim olunub.
Daha sonra nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. Qonaqlar şəhərdə həyata keçirilən yenidənqurma və inkişaf layihələri ilə tanış olub, Xankəndi Məhkəmə Kompleksini və Zəfər Parkını ziyarət ediblər. Səfər zamanı nümayəndə heyətinə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, bölgənin sosial-iqtisadi inkişafı və əhalinin doğma torpaqlara qayıdışı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Qonaqlar Qarabağa səfəri yüksək qiymətləndirərək, bölgədə müşahidə etdikləri inkişaf prosesləri barədə müsbət təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, səfərdə Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.