XRG: Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkətinin aktivlərin idarə olunması üzrə baş vitse-prezidenti Bassem Tadros Bakı Enerji Həftəsinin “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında çıxışı zamanı deyib.
“Son bir il yarım ərzində Azərbaycandakı fəaliyyətimizə başlamışıq. Burada “Abşeron” layihəsində tərəfdaşıq. Cənub Qaz Dəhlizində pay əldə etmək üçün saziş imzalamışıq və hazırda Azərbaycandakı fəaliyyətimizin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Enerji sektorunda 30 illik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, enerji layihələri, xüsusilə də sərhədlərarası enerji layihələri son dərəcə mürəkkəb, yüksək maliyyə tutumlu və ciddi risklər daşıyan təşəbbüslərdir. Belə layihələrin uğurla həyata keçirilməsi üçün geologiya və hasilatdan başlayaraq layihələrin hazırlanması, icrası, maliyyələşdirilməsi, kommersiya danışıqları və maraqlı tərəflərlə münasibətlərin idarə olunmasına qədər geniş spektrdə peşəkar bilik və təcrübə tələb olunur. Tərəfdaşlıqlar bu risklərin azaldılmasına, layihələrin daha sürətli və səmərəli şəkildə reallaşdırılmasına kömək edir. Son bir il yarım ərzində fəaliyyətimizi məhz bu prinsip əsasında qurmuşuq və Azərbaycandakı mövcudluğumuzu əsas götürərək gələcəkdə də bu yanaşmanı davam etdirəcəyik”, - deyə baş vitse-prezident vurğulayıb.