Politoloq: Yüksək adaptiv müharibə şəraitində Ukrayna bir addım qabağı düşünür
Kiyev, 1 iyun, AZƏRTAC
Hazırda Ukraynada iri şəhərlərin və vilayət mərkəzlərinin ətrafında müdafiə istehkamlarının tikintisi fəal şəkildə davam etdirilir. Bu işlər əsasən Volın vilayətinin Rivne və Lutsk şəhərlərində aparılır. Eyni zamanda, Kiyev ətrafında, xüsusilə şimal istiqamətində, eləcə də Odessa, Nikolayev və digər şəhərlərdə də davam edir.
Bu barədə AZƏRTAC-a ukraynalı politoloq Aleksandr Kovalenko danışıb.
Onun sözlərinə görə, dinamik müharibə şəraitində olan ölkə müdafiə istehkamlarını daim təkmilləşdirməlidir.
“Bu şəhərlərin yerləşdiyi ərazidən və təmas xəttindən nə qədər uzaqda olmasından asılı olmayaraq, əgər onlar potensial təhlükə zonasına daxildirsə, risklərin qarşısını əvvəlcədən almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bəli, hazırda Odessa şəhərində və Odessa vilayətinə desantların göndərilməsi ehtimalı çox aşağıdır. Rusiya qoşunları bu şəhəri ələ keçirməyi yalnız arzulaya bilər. Ancaq bu, Odessanın ən pis ssenariyə hazırlaşmaması anlamına gəlmir. Belə ssenariyə indidən hazırlaşmaq gələcəkdə atılacaq addımlar üçün imkanları xeyli artırır.
Bundan başqa, bu gün Ukraynada təkcə genişmiqyaslı deyil, həm də dinamik və yüksək adaptiv müharibə gedir. Bu, əvvəllər rast gəlinməyən tamamilə yeni formatdır. Əslində, müdafiə xətləri və istehkamlar da döyüş meydanında yaranan təhlükə və çağırışlara uyğun olaraq davamlı şəkildə yenilənir, təkmilləşdirilir və dəyişdirilir. Vaxtilə istifadə olunan bir sıra klassik istehkamlar artıq öz aktuallığını itirib və müasir tələblərə uyğun yenilənməlidir”, – deyə A.Kovalenko bildirib.
O əlavə edib ki, 2022–2024-cü illərdə inşa olunan istehkamlar da daimi qulluq və müasir standartlara uyğunlaşdırılma tələb edir. Buna görə də bu proses davamlı xarakter daşıyacaq: “Əlbəttə, Rusiya ilə sərhəd boyunca yerləşən Sumı, Xarkov, Çerniqov, hətta Poltava kimi şəhərlərin həm vilayət mərkəzi, həm də iri yaşayış məntəqələri kimi müdafiə xətləri olmalıdır. Döyüş xətti boyunca və ona yaxın yerləşən Zaporojye və Dneprdə də müdafiə xətləri əvvəlcədən qurulmalıdır, çünki bu, müəyyən vaxt tələb edən prosesdir. Ən ağır ssenarini, yəni müdafiə xəttinin yarılaraq, məsələn, Zaporojye istiqamətinə çıxışı təsəvvür etsək, orada artıq qurulmuş və xeyli gücləndirilmiş istehkamlar onların irəliləməsinə ciddi maneə yaradacaq. Belə istehkamların ümumiyyətlə olmamasından bu, qat-qat yaxşıdır. Buna görə də biz bu gün gələcəyi düşünərək hərəkət edirik”.