Qəbələdə şəhid və qazi övladları üçün özəl gün
Qəbələ, 1 iyun, AZƏRTAC
Qəbələdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin mərkəzində yerləşən Heydər Əliyev parkında bu münasibətlə tədbir keçirilib.
Rayon icra hakimiyyətinin, təhsil sektorunun nümayəndələrinin, rayon ictimaiyyətinin, şəhid və qazi uşaqlarının iştirak etdiyi tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısını qeyd ediblər.
Çıxışlarda uşaq hüquqlarından, dövlətimiz tərəfindən uşaqların sosial müdafiəsinin gücləndirilməsi və sağlam böyüməsi üçün görülən işlərdən danışılıb. Tədbir boyu şəhid və qazi övladları başda olmaqla balaca fidanlar müxtəlif oyunlara, bilik yarışlarına cəlb olunub.
Qəbələ Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, incəsənət məktəbi şagirdlərinin və uşaq bağçalarında təhsil alan azyaşlıların bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.