“Boston Consulting Group”: Süni intellekt enerji sektorunda transformasiyanı sürətləndirə bilər
Bakı, 2 iyun, AZƏRTAC
Süni intellekt texnologiyaları enerji sektorunda səmərəliliyin artırılması və proseslərin təkmilləşdirilməsi üçün yeni imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Boston Consulting Group”un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, enerji sənayesi uzun illərdir qabaqcıl texnologiyalardan və yüksək hesablama imkanlarından istifadə edən sahələrdən biridir.
“Bununla yanaşı, süni intellektin inkişafı sektorda yeni transformasiya mərhələsinin başlanmasına şərait yaradır. Süni intellekt müxtəlif istiqamətlərdə tətbiq oluna bilər və xüsusilə proqnozlaşdırma, qərar qəbuletmə və əməliyyat proseslərinin optimallaşdırılmasında mühüm rol oynayır. Bu texnologiyaların tətbiqi enerji sektorunda innovasiyaların sürətlənməsinə və yeni inkişaf imkanlarının yaranmasına töhfə verəcək”,- deyə o diqqətə çatdırıb.