Azərbaycanla Mikroneziya arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommünike imzalanıb
Vaşinqton, 1 iyun, AZƏRTAC
BMT-nin Nyu-Yorkdakı baş qərargahında Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziya Federativ Ştatlarının BMT yanında daimi nümayəndəsi Cim Lipve tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommünike imzalanıb.
AZƏRTAC-ın məlumatına görə, Birgə Kommünikedə Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatlarının ölkələri, xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edilməsi niyyəti ifadə olunur.
Sənəddə həmçinin vurğulanır ki, hər iki dövlətin hökuməti diplomatik münasibətlərin qurulmasında BMT Nizamnaməsini, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, eləcə də onların daxili işlərinə qarışmamaq prinsipini rəhbər tutur.
Daimi nümayəndələr Birgə Kommünikenin BMT sənədi kimi yayılması məqsədilə BMT Baş katibinə də birgə məktub ünvanlayıblar.