“Gələcəyin qurucuları və memarları” - Ağcabədidə yaradıcılıq festivalı
Ağcabədi, 1 iyun, AZƏRTAC
Ağcabədi şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcəyin qurucuları və memarları” adı yaradıcılıq festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayramsayağı bəzədilmiş parkda uşaqların əylənməsi və bacarıqlarını nümayiş etdirməsi üçün hər bir şərait yaradılıb. Parkın müxtəlif guşələrində azyaşlıların əl işlərindən ibarət sərgilər və idman zonaları təşkil olunub.
Ağcabədi Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Çıxış edənlər uşaqları əlamətdar gün münasibətilə təbrik edib, ən gözəl arzularını çatdırıblar. Bildirilib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da yüksək səviyyədə və böyük coşqu ilə qeyd edilir.
“YAŞAT” Fondu tərəfindən Ağcabədi rayonundan olan şəhid övladlarına bayram münasibətilə göndərilmiş hədiyyələri onlara təqdim edib.
Tədbir uşaqların təqdimatında bir-birindən gözəl mahnı və rəqs nömrələri ilə davam etdirilib. Festival rayon sakinlərinə və uşaqlara unudulmaz anlar yaşadıb.
Müxbir – Tahir Ağaməmmədov