Osloda Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib
Stokholm, 1 iyun, АZƏRTAC
Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin açılış nitqində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin müəllimi və koordinatoru Günay Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik ənənələrindən və bu dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyindən danışıb.
Daha sonra tədbir konsert proqramı ilə davam edib. Səhnədə milli musiqi və rəqs nömrələri təqdim olunub. Kamança ifaçısı Şəbnəm Abdullayeva milli musiqilər və mahnılar səsləndirərək tədbirin yüksək əhvali-ruhiyyədə keçməsinə töhfə verib.
Norveç azərbaycanlıları Gənclər Təşkilatının sədri Arvin Balanji pianoda musiqi nömrələri ifa edib. Bəstəkar-pianoçu Arzu Rzayeva isə müəllifi olduğu əsərləri səsləndirib. Rəqqaslar Əzizə İbrahimova və Səid İbrahimov Azərbaycan milli rəqslərini təqdim ediblər.
Ardınca xanəndə Aytən Xakzadənin ifasında muğam və xalq musiqisi nümunələri səsləndirilib. İfa olunan musiqi nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri də proqramda fəal iştirak edərək 28 May – Müstəqillik Gününə, Vətənə və dövlətçilik dəyərlərinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Həmçinin tədbirdə Azərbaycanın zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini əks etdirən sərgi nümayiş olunub. Sərgidə dövlət rəmzləri, kəlağayı nümunələri, milli atributlar və Azərbaycan mədəniyyətini təcəssüm etdirən müxtəlif eksponatlar təqdim edilib.
Tədbirin əsas məqsədi Norveçdə yaşayan Azərbaycan icmasının birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin və milli dəyərlərinin təbliği, həmçinin 28 May – Müstəqillik Gününün qeyd olunması olub.