BAŞ MİL-MUĞAN KOLLEKTORUNUN 31 KİLOMETR UZUNLUĞUNDA 3-CÜ HİSSƏSİNİN TİKİNTİSİNƏ BAŞLANMIŞDIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı Komitəsi suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, torpaqların şoranlaşmasının qarşısının alınması, magistral kollektorlar vasitəsilə şor suların Xəzər dənizinə maneəsiz axıdılması məqsədi ilə Aran iqtisadi rayonu ərazisindəki Baş Mil-Muğan kollektorunun 31 kilometr uzunluğunda 3-cü hissəsinin tikintisinə başlamışdır.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, artıq kollektorun 5 kilometrlik hissəsi üçün xəndək qazılmış, iki körpü tikilmiş, kollektor boyunca yolun 4,8 kilometrlik hissəsinə qum-çınqıl döşənmişdir. Ərazidə 355,2 min kubmetr həcmində torpaq, 4,4 min kubmetr həcmində isə beton və dəmir-beton işləri yerinə yetirilmişdir.