Baş Prokurorluq təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar konfrans keçirib
Bakı, 31 oktyabr, AZƏRTAC
Təbii qazdan təhlükəsiz istifadə olunması sahəsində görülmüş ardıcıl tədbirlərə baxmayaraq bəzi hallarda istehlakçıların təhlükəsizlik qaydalarına əməl etməməsi və bu sahədə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara ziyan dəyməsi ilə nəticələnən hadisələrin davam etməsi narahatlıq doğurur.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunanları nəzərə alaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində aidiyyəti dövlət qurumları, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi, Fövqəladə Hallar, Energetika nazirlikləri, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələrinin iştirakı ilə bu sahədə aktual problemlərin həlli yollarına həsr edilmiş geniş konfrans keçirilib.
Konfransda Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Bakı şəhər prokurorunun müavini Fərid Nağıyev, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun müavini Ceyhun Şıxəliyev, həmin qurumda departament rəisi Vüqar Eyvazov, şöbə rəisi İlkin Behbudov, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində şöbə rəisi Eldar Əhmədov, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyində şöbə rəisi Samid Əliyev və digər natiqlər məruzə və təqdimatlarla çıxış edərək, bu sahədə mövcud problemlərin həlli məqsədilə konkret təkliflər irəli sürüblər.
Məruzəçilər daxil olmaqla, konfransda hibrid formada (Bakı şəhərində fəaliyyət göstərən məsul əməkdaşlar bilavasitə konfrans zalında, digərləri onlayn formada) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində işləyən ümumilikdə 100-dən artıq əməkdaş iştirak edib.
Vurğulanıb ki, bu sahədə məsuliyyət tədbirləri ilə yanaşı, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına xidmət edən preventiv, o cümlədən maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyəti vardır.
Geniş fikir mübadiləsi şəraitindən keçən konfransın nəticələrinə uyğun olaraq, bu qəbildən olan tədbirlərin gələcəkdə də davam etdirilməsi qərara alınıb.