Batumi Dövlət Universitetinin tələbələrinə Qanlı Yanvar hadisələri barədə ətraflı məlumat verilib
Tbilisi, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov yanvarın 18-də Batumi Dövlət Universitetindəki “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında 1990-cı ilin Qanlı Yanvar hadisələri ilə bağlı çıxış edib.
Baş konsul tələbələrə xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş hadisənin səbəbləri barədə ətraflı məlumat verib, 20 Yanvar tarixinin şəhidlərimizin anım günü, həm də müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu vurğulayıb. Bildirib ki, 1990-cı il yanvarın 20-də öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhali amansızlıqla qətlə yetirilib. Lakin bu hadisə xalqımızın iradəsini qıra bilmədi və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə nəticələndi.
Rəşad İsmayılov o dövrdə faciə ilə bağlı ən sərt bəyanatı ulu öndər Heydər Əliyevin verdiyini xüsusi vurğulayıb. Bildirib ki, bütün çətinliklərə baxmayaraq, ilk dəfə məhz Ümummilli Lider 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi-hüquqi qiymətin verilməsini, günahkarların cəzalandırılmasını tələb edib. Məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvar tarixini Ümumxalq Hüzn Günü elan edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi