Batumidə Azərbaycan və Acarıstan iş adamlarının iştirakı ilə biznes forum təşkil olunub
Tbilisi, 14 sentyabr, AZƏRTAC
“Caspian Energy Club”un İdarə Heyətinin sədri Telman Əliyevin başçılığı ilə Azərbaycan iş adamları Acarıstan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində Batumi şəhərində Azərbaycan və Gürcüstan iş adamlarının birgə iştirakı ilə iki günlük biznes-forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin qabaqcıl iş adamlarını birləşdirən “Caspian Energy Club”un təşkilatçılığı və Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğunun dəstəyi ilə təşkil edilib.
Baş konsulu Pərviz İsmayılzadə forumda çıxış edərək bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına, biznes dairələrinin əlaqələrinin genişləndirilməsinə, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşı olduğunu xüsusi vurğulayan Baş konsul, ölkələrimizin azad iqtisadi zonalarının əməkdaşlığını qeyd edib, Azərbaycanın Ələt Azad İqtisadi Zonası ilə Gürcüstanın "Hualing Kutaisi" Azad Sənaye Zonası arasında Əməkdaşlıq Memorandumu imzalandığını bildirib.
“Caspian Energy Club”un İdarə Heyətinin Sədri Telman Əliyev rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib, təşkilatın sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkətin olduğunu qeyd edib.
Bildirilib ki, “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycan və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər keçirir.
Acarıstan MR-nin maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, Acarıstanın Ticarət və Sənaye palatasının sədri Qiorqi Romanadze, eləcə də Batuminin meri Arçil Çokovani çıxış edərək Gürcüstanın Azərbaycan ilə iqtisadi və ticarət əlaqələrinin genişlənməsində maraqlı olduğunu qeyd ediblər.
Biznes forum çərçivəsində “Caspian Energy Club”ın Batumi şəhərində inşa ediləcək mehmanxananın təntənəli təməlqoyma mərasimi keçirilib.
Biznes forumda mebel istehsalı, mehmanxana biznesi, logistika, tikinti, turizm və digər sahələrdə Acarıstan MR-də fəaliyyət göstərən 30-a yaxın ən məşhur şirkətlərin nümayəndələri iştirak ediblər.
Batumi şəhərində keçirilən biznes forum çərçivəsində “Caspian Energy Club” və Acarıstanın ticarət və sənaye palatası arasında anlaşma memorandumu imzalanıb.
Forumun sonunda Baş konsul P.İsmayılzadəyə, Acarıstan MR-in maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradzeyə, Acarıstan Turizm departamentinin rəhbəri Tinatin Zoidzeyə, Batumi şəhərinin meri Arçil Çokovaniyə və Acarıstan MR-n Ticarət və Sənaye palatasının sədri Qiorqi Romanadzeyə “Caspian Energy Club”un fəxri üzvləri sertifikatları təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi