“BAYVA-QƏRB ENERJİ”NİN “AĞDAŞ” YARDIMÇI STANSİYASI İLƏ TANIŞLIQ
Dövlətimizin başçısı əvvəlcə “Bayva-Qərb Enerji”nin Məhdud Məsuliyyətli Cəmiyyətinin yardımçı stansiyasına gəldi. Yol boyu Prezidentin pişvazına çıxmış rayon sakinləri dövlətimizin başçısını “İlham!”, “İlham!” sədaları ilə salamlayırdılar.
“Azərenerji” Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev Prezident İlham Əliyevə yardımçı stansiya haqqında ətraflı məlumat verdi. Bildirildi ki, bu ilin martında işə salınmış yardımçı stansiya rayonun elektrik enerjisinə olan tələbatını tam ödəməyə imkan verir. Rayonun qış aylarında elektrik enerjisinə olan tələbatı 38-40 meqavat, yay aylarında isə 28-30 meqavat təşkil edir. Yardımçı stansiyada 16 meqavatlıq iki ədəd transformator quraşdırılmışdır. Yardımçı stansiyanın layihəsi Türkiyənin “BAYVA” elektrik şirkətinin sifarişi ilə “Azərenerji” tərəfindən hazırlanmış, “BAYVA” tikintiyə 5 milyard manata yaxın sərmayə qoymuşdur.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi. Respublikamızda bu cür yardımçı stansiyaların tikilməsinin vacibliyini, bunun üçün xüsusi qərarlar qəbul olunduğunu xatırlatdı və bildirdi ki, indən belə Ağdaş rayonunun elektrik enerjisinə tələbatı tam ödəniləcəkdir. Dövlətimizin başçısı bu işlərin respublikamızın digər şəhər və rayonlarında da davam etdirilməsi barədə müvafiq göstərişlər və tapşırıqlar verdi.