BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI QİYMƏTLƏRİNİN SÜNİ ARTIMININ QARŞISI ALINIR
İyulun 22-də Bakı şəhərinin Nəsimi, Xətai, Nərimanov, Yasamal, Binəqədi, Suraxanı rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Respublikanın müxtəlif rayonlarının fermerləri mal və qoyun ətini, kartof, meyvə-tərəvəz, ağartı, konserv məhsulları, bal və yumurtanı paytaxt sakinlərinə bazardakından 10-15, hətta 20 faiz uçuz qiymətə satmışlar.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov demişdir ki, bazar günü bu
rada əhaliyə Sabirabad, Hacıqabul, Tovuz, Gədəbəy, Salyan və digər rayonlardan gətirilmiş 12,3 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 2,6 ton ət, 3,2 ton tərəvəz, 1,8 ton yemiş-qarpız, 1,3 ton meyvə, 2,7 ton kartof, 0,3 ton süd, 0,2 ton konserv, 0,2 ton taxıl, 7 min 500 ədəd yumurta və s. satılmışdır.
Suraxanı rayonundakı “Günəş” ticarət mərkəzindəki yarmarkada işçi qrupunun qərargahından verilən məlumata görə, Qobustan, Balakən, Şəki, Samux və digər rayonların fermerləri satışa 28 tondan çox meyvə-tərəvəz, 1,5 tondan çox mal və qoyun əti çıxarmışlar. Burada alıcılara badımcanın kiloqramı 20, xiyarın kiloqramı 30, kartofun kiloqramı 30-40 qəpiyə, mal ətinin kiloqramı 3 manat 60 qəpiyə təklif olunmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində təşkil olunmuş yarmarkada Cəlilabad və Göyçaydan gətirilmiş11 tonadək meyvə-tərəvəz və ət şəhər sakinlərinə bazardakından 20-30 faiz ucuz qiymətlərə satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin, paytaxt rayonları icra hakimiyyətlərinin nümayəndələri yarmarkalarda satışın təşkilinə, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət etmişlər.