BDU alimlərinin layihələri Azərbaycan–Türkiyə birgə qrant müsabiqəsində dəstəklənib
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Elm Fondu (AEF) və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) 4-cü Azərbaycan–Türkiyə (“AzTürk-4”) birgə beynəlxalq qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqə Azərbaycan və Türkiyə alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlığı stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə elan edilib. AEF və TÜBİTAK arasında əməkdaşlıq çərçivəsində dəstəklənən 7 layihə sırasında Bakı Dövlət Universiteti (BDU) alimlərinin iştirak etdiyi 3 mühüm beynəlxalq tədqiqat təşəbbüsü də yer alıb.
BDU-dan AZƏRTAC-a bildirib ki, müsabiqənin nəticələrinə əsasən, Azərbaycan tərəfindən BDU-nun dosenti Ziya Əliyevin, Türkiyə tərəfindən isə Bilkent Universitetinin dosenti Engin Durgunun rəhbərlik etdiyi layihə dəstəklənib. Bununla yanaşı, BDU-nun professoru Ülviyyə Həsənovanın və Türkiyənin Yıldız Texniki Universitetindən olan professor Sevil Yücelin həmrəhbərliyi ilə təqdim olunan layihə qalib layihələr sırasında yer alıb. Dəstəklənən 3-cü layihə isə BDU-dan dosent Aygün İsrayılovanın iştirakçısı, Koç Universitetindən isə dosent Nazlı Ataçın rəhbəri olduğu birgə layihə olub və müasir elmi problemlərin həllinə yönəlmiş tədqiqat istiqamətlərindən biri kimi qiymətləndirilib.
Layihələr nanotexnologiya, materialşünaslıq, süni intellekt, tətbiqi fizika, rəqəmsal texnologiyalar və digər prioritet istiqamətləri əhatə edir. Bu əməkdaşlıqlar Azərbaycan və Türkiyə universitetləri arasında elmi inteqrasiyanın gücləndirilməsi, gənc tədqiqatçıların beynəlxalq layihələrə cəlb olunması və innovativ tədqiqat mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
BDU-nun beynəlxalq qrant proqramlarında uğurlu iştirakı universitetin elmi potensialının, beynəlxalq tərəfdaşlıq imkanlarının və qlobal akademik nüfuzunun daha da artdığını nümayiş etdirir. Universitet bundan sonra da Azərbaycan–Türkiyə elmi əməkdaşlığının inkişafına xidmət edən beynəlxalq layihələrdə fəal iştirakını davam etdirməyi hədəfləyir.