BDU AZAD HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİNXIII HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLMİŞDİR
Xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsi ehtiramla yad olunmuş, Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
BDU AHİK-in sədri Məhəmməd Quliyev hesabat məruzəsində 2000-2005-ci illər ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, hazirda BDU-da AHİK-in 2850 nəfər üzvü vardır. Ötən 5 ildə professor-müəllim heyətinin və texniki işçilərin əmək və mənzil şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görülmüşdür. “Kainat” Mənzil-Tikinti Kooperativ binasının tikintisi başa çatdırılmış və çox ucuz qiymətlə universitetin əməkdaşlarına paylanmışdır. Bütün dərs otaqları və laboratoriyalarda yüksək səviyyədə təmir olunmuş, lazımi dərs avadanlığı ilə təchiz edilmişdir. Elmi tədqiqat işlərinin aparılması üçün Yüksək Tezlikli Nüvə-Maqnit Rezansı cihazı alınıb istifadəyə verilmişdir.
Natiq komitə xətti ilə müxtəlif bayram tədbirlərinin keçirildiyini və bayram günlərində universitetin yataqxanasında məskunlaşmış qaçqın və məcburi köçkünlərə maddi yardımlar göstərildiyini də diqqətə çatdırmışdır.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi təşkilat şöbəsinin müdiri Mirzə Cəfərov, AMEA-nın müxbir üzvü Məhəmməd Mehdiyev və digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin təhsilimizin inkişafına diqqət və qayğısından söz açmış, ulu öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyini bildirmişlər.
BDU AHİK-in fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir.
Sonra universitet AHİK-in yeni tərkibi seçilmişdir. Açıq səsvermə yolu ilə Məhəmməd Quliyev yenidən komitənin sədri seçilmişdir.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.