BDU-da infosessiya: Ünsiyyətin uğur strategiyaları
Bakı, 28 aprel, AZƏRTAC
“Paşa Həyat Sığorta” şirkəti Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Ünsiyyətin uğur strategiyaları” mövzusunda infosessiya keçib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, infosessiyada tələbələrə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, “Paşa Həyat Sığorta” şirkətinin BDU ilə əməkdaşlığının əsasını universitet tələbələrinin əmək bazarına adaptasiyasının daha səmərəli yollarını göstərmək təşkil edir.
Şirkətin əməkdaşı Vəli Məmmədov tələbələri ünsiyyət anlayışı, ünsiyyətin növləri, informasiya mübadiləsi haqqında məlumatlandırıb. O, əsas diqqəti işgüzar ünsiyyətdə davranış modelləri və taktikaları üzərində cəmləyərək, tələbələrin gələcək karyera quruculuğunda onların əhəmiyyətindən, uğura nail olmaqda mühüm rolundan danışıb.
Sonra BDU tələbələrinin təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şirkət tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri müzakirə olunub.