ELM VƏ TƏHSİL
BDU-da magistratura səviyyəsində yeni ixtisaslaşma
Bakı, 31 may, AZƏRTAC
Sentyabrın 15-dən Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura səviyyəsinin kompüter elmləri ixtisasında kompüter elmləri və texnologiyaları ixtisaslaşması açılacaq.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ixtisaslaşmanın açılmasında əsas məqsəd kompüter elmləri sahəsində təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
Kompüter elmləri və texnologiyalarının sürətli inkişafı bir çox problemlərin və mürəkkəb praktiki məsələlərin həllinin aktuallaşmasına gətirib çıxarır. Veb-dizaynın, elektron ticarət sistemlərinin, böyük məlumat bazalarının, süni intellekt sistemlərinin, kompüter qrafikasının, hesablama buludlarının, informasiyanın təhlükəsizliyinin təmin olunması sistemlərinin və s. yaradılması kimi problemlərin həlli üçün kompüter elmləri və texnologiyaları üzrə mütəxəssislərə ehtiyac duyulur. Əmək bazarında verilənlər bazası inzibatçısı, veb-dizayner, NET tərtibatçısı, veb-tərtibatçısı, kompüter şəbəkələrinin inzibatçısı, sistem inzibatçısı, biznes analitik və digər mütəxəssislərə olan böyük tələbat, o cümlədən ölkəmizdəki sənaye müəssisələrində və biznes sektorunda rəqəmsal transformasiya və modernləşmə istiqamətində məlumatların rəqəmsallaşdırılması, tətbiqi analitika, innovativ həll və s. kimi məsələlər üzrə texnologiyalara olan böyük ehtiyac bir daha kompüter elmləri və texnologiyaları ixtisası üzrə təcrübəli ixtisaslaşmış mütəxəssislərin tez bir zamanda hazırlanmasını aktual edir.