ELM VƏ TƏHSİL
BDU-da transmilli cinayətkarlıq üzrə magistratura yaradılacaqdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Almaniyanın Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun direktoru Hans Albrext Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ilə görüşmüşdür.
BDU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə A.Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiya və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışmışdır.
H.Albrext rəhbərlik etdiyi qurumun BDU ilə əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirmişdir.
Görüşdə gələn il BDU-da transmilli cinayətkarlıq üzrə magistraturanın yaradılması, universitetin tələbə və gənc alimləri Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun doktoranturasına göndərilməsi barədə razılıq əldə edilmişdir.
Qonaq, həmçinin BDU-nun hüquq fakültəsinin müəllim və tələbələrinə mühazirə oxumuş, sualları cavablandırmışdır.