BDU-da ustad dərsi: Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi
Bakı, 12 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda ustad dərsi keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Ustad dərsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, BDU-nun professoru Şahlar Əsgərovun mövzu üzrə məruzəsi dinlənilib. Ş.Əsgərov Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən danışıb. Bildirilib ki, Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən ölkəmizin gələcək müstəqilliyi üçün zəmin hazırlayır, dövlət idarəetməsinin fəlsəfi əsaslarını formalaşdırırdı: “Ulu Öndər Heydər Əliyev dövlətimizin həm memarı, həm də qurucusudur. Müstəqil dövlətimizin ilk Konstitusiyası və digər zəruri dövlət təsisatları Heydər Əliyev tərəfindən yaradılıb və formalaşdırılıb”.
Ş.Əsgərov ötən əsrin 90-cı illərində çətin ictimai-siyasi bir dövrdə xalqın dəstəyi ilə böyük siyasi qüvvəyə çevrilən YAP-ın yaranma zərurətini, 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirən amillər barədə elmi-nəzəri fikirlərini diqqətə çatdırıb. Professor dahi rəhbər Heydər Əliyevin müdrik kəlamlarının gənclərin layiqli vətəndaş kimi formalaşmasında aydın bir yol xəritəsi olduğunu vurğulayıb.
Məruzədə Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə misilsiz fəaliyyətindən də bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyev xalqın dəstəyinə güvənərək tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı 30 illik münaqişəni və ən azı 200 illik problemi tarixin arxivinə göndərdi.