BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
Bakı, 17 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələri və SABAH qruplarının 12 tələbəsi beynəlxalq səviyyəli intensiv “IT SkillSprint” təhsil proqramını uğurla başa vuraraq məzun olub. BDU-nu proqramda informasiya təhlükəsizliyi, kompüter elmləri və riyaziyyat ixtisasları üzrə təhsil alan III kurs tələbələri Kənan Rəsulov, Raul İbrahimov, Selcan Xasıyeva, Zərifə Musayeva, Asif Habilov, Cəmil Cəfərli, Ayxan Ağayev, Yunis Sadiq, Yaqut Rəsulbəyli, İslam Səmədov, Qurbanəli Qurbanəliyev və Turan Babasoy təmsil ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bu proqram çərçivəsində yüksək nəticə əldə edən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi Cəmil Cəfərlinin ekoloji problemlərin həllinə yönəlmiş "Grove" layihəsi final hakatonunda Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həmçinin beynəlxalq tədris şirkəti “Ironhack”ın tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin tələbələri üçün həyata keçirilən proqram rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində ixtisaslı insan kapitalının hazırlanmasını hədəfləyir. Proqram çərçivəsində iştirakçılar data analitikası və süni intellekt, kibertəhlükəsizlik və süni intellekt, veb-proqramlaşdırma və süni intellekt, eləcə də DevOps və süni intellekt istiqamətləri üzrə hibrid formatda təhsil alıblar. “Bootcamp” formatında təşkil olunan təlimlər çərçivəsində tələbələr real layihələr üzərində işləmək, peşəkar portfel formalaşdırmaq, hakatonlarda iştirak etmək, karyera sərgilərinə və şəbəkələşmə tədbirlərinə qoşulmaqla əmək bazarına inteqrasiya imkanları əldə ediblər. Tədris prosesi 2026-cı ilin fevral-iyul aylarını əhatə etməklə altı ay davam edib.