BDU tələbələri arasında məqalə müsabiqəsi: Professor Nəsir İmanquliyev dərsləri
Bakı, 22 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ikinci mərhələsi üzrə BDU tələbələri arasında məqalə müsabiqəsi elan edilir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, üç mərhələdən ibarət olan layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir.
Müsabiqəyə mayın 21-dən sentyabrın 21-dək “İnformator.az” saytında yayımlanan məqalələr buraxılacaq. Yazılar Azərbaycan və rus dillərində təqdim oluna bilər. Məqalələrin [email protected] ünvanına göndərilməsi xahiş olunur. Hər müəllif müsabiqəyə yalnız 1 yazı təqdim edə bilər.
Tələbələr yazıları “Professor Nəsir İmanquliyev dərsləri – məqalə müsabiqəsi” başlığı ilə təqdim etməlidir.
Müsabiqəyə qəbul edilən materiallardan 3 ən uğurlu iş Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər pul mükafatı ilə təltif ediləcəklər.
Qiymətləndirmə zamanı mövzunun dolğun əhatə olunması, ifadə vasitələrinin zənginliyi və mövzuya fərqli, maraqlı yanaşma əsas meyarlar kimi nəzərə alınacaq.