ELM VƏ TƏHSİL
BDU tələbələri üçün süni intellektə dair infosessiya
![](/files/galleryphoto/2023/3/1200x630/17008304755664931233_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700830475304324648_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008304754911332937_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700830475539876608_1200x630.jpg)
Bakı, 24 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru tərəfindən tələbələr üçün süni intellektə dair “Dərin öyrənmə və maşın öyrənməsi” mövzusunda infosessiya keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə süni intellektin həyatımızda mühüm rol oynadığını, əmək bazarının tələblərinə diktə edən əsaslardan biri olduğunu deyib. O, belə təlimlərin keçirilməsinin tələbələrin əmək bazarına uğurlu adaptasiyasının təmin edilməsi, onlara düzgün karyera quruculuğu üçün istiqamət verilməsində müsbət rol oynadığını vurğulayıb.
BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin baş mütəxəssisi Nuriyyə Mustafayeva Data analizi, işlənmə prosesi, tələbləri, toplanması, təmizlənməsi, modelləşdirmə və alqoritmlər haqqında məlumat verib. O, Data analizin faydalı məlumatları tapmaqda, nəticə çıxarmaqda, məlumatları tədqiq etməkdə, modelləşdirməkdə istifadə olunan proses olduğunu bildirib.
“Azerconnect” şirkətinin əməkdaşı Nihat Abdullayev “Dərin öyrənmə və maşın öyrənməsi” mövzusunda təqdimat edib. Qeyd edilib ki, bu gün iş dünyasında daha çox istifadə olunan “süni intellekt” ifadəsi müəyyən qədər Big Data “inqilabından” qaynaqlanır. Belə ki, məlumatın çoxluğu intensiv tədqiqata icazə verdiyindən, intensiv tədqiqat işinə maşınların insanlardan daha uyğun olduğu müəyyənləşib. İnsanlar üçün yeganə iş bu maşınları daha səmərəli tədqiq etmək, hər bir şeyi təmin etmək üçün mümkün qədər “daha ağıllı” etməyə çalışmaq olub. Nəticədə həmin ağıllı maşınlar, yəni süni intellekt yaranıb.
Çıxış edən “Google Developers Group”un üzvü Malik Məmmədli informasiya texnologiyalarının bazarda yeri haqqında məlumat verib. O, “Google” və digər böyük şirkətlərin tələbələr üçün proqramlarından bəhs edərək, tələbələri bu cür könüllülük proqramlarına qoşulmağa səsləyib.
Sonra iştirakçıların sualları cavablandırılıb.