Bədən tərbiyəsi və İdman Akademiyası ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi əməkdaşlıq edəcək
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
ADBTİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, memorandumu Akademiyanın rektoru Fuad Hacıyev və İctimai Birliyin idarə heyətinin sədri Miraqil Seyidzadə imzalayıblar.
Sənədin imzalanması münasibətilə təşkil edilən onlayn toplantıda Akademiyanın və İctimai Birliyinin rəhbərliyi, ADBTİA-nın tələbə və müəllim heyəti, eləcə də idman könüllüləri iştirak ediblər.
Tədbirdə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, idman könüllüləri ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarış və tədbirlərdə daim fəallıqları ilə seçiliblər və həmişə təşkilatçılara böyük dayaq olublar. Rektor Akademiyanın fəaliyyəti və yeniliklər barədə də məlumat verib.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov idman könüllülərinin fəaliyyətindən danışıb. Qeyd edib ki, idman könüllüləri artıq ölkəmizin idman ictimaiyyətinin aparıcı qüvvəsinə çevriliblər. Bu gün onların iştirakı olmadan ölkədə tədbirlərin təşkili mümkün deyil.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə isə təşkilat barədə məlumat verərək görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən danışıb.
Qeyd edilib ki, ADBTİA ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında imzalanan memorandum bu iki təşkilat arasında sıx əməkdaşlığın təməli olacaq.