BƏLƏDİYYƏ TORPAQLARININ İCARƏYƏ VƏ XÜSUSİ MÜLKİYYƏTƏ VERİLMƏSİ MÜSABİQƏ ƏSASINDA HƏYATA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bələdiyyə torpaqlarının icarəyə və xüsusi mülkiyyətə verilməsi müsabiqə əsasında həyata keçiriləcəkdir. Artıq bununla əlaqədar əsasnamə hazırlanır. Bu səbəbdən bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə və icarəyə verilməsi müvəqqəti olaraq dayandırılmışdır.
Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə demişdir ki, Nazirlər Kabineti yeni əsasnaməni hazırlayaraq təsdiq etdikdən sonra müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə göndərəcəkdir. Yeni mexanizm torpağın xüsusi mülkiyyətə və icarəyə verilməsi prosesini daha yaxşı tənzimləyəcək və şəffaflığı artıracaqdır. Burada sövdələşmə əsasında torpağın xüsusi mülkiyyətə və icarəyə verilməsinin qarşısı tamamilə alınacaqdır.
A.Rəhimzadə bildirmişdir ki, bir çox hallarda torpaq mülkiyyətçiləri və ya icarəçiləri başqa sənədləri hazırlamadan fəaliyyətlərini yalnız bələdiyyələrin qərarına əsaslanaraq qururlar. Əslində isə, bu prosesin tam həyata keçirilməsi üçün bələdiyyə torpaqları dövlət qeydiyyatından keçməlidir.