Belqradın işğaldan azad edilməsinin 80 illiyi qeyd olunur
Belqrad, 20 oktyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradın İkinci Dünya müharibəsi zamanı işğaldan azad olunmasının 80 illiyi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bu münasibətlə Avala şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət edib, önünə əklil qoyub.
Aleksandar Vuçiç deyib ki, əcdadlarımızın qat-qat güclü düşmənlərə qarşı ədalət uğrunda mübarizədə göstərdiyi şücaət heç vaxt unudulmayacaq.
“İkinci Dünya müharibəsində Belqradın qəhrəmancasına azad edilməsindən 80 il ötür. Əsrlər əvvəl sarsılmaz azadlıq eşqi xalqımıza müharibələrdə qalib gəlmək üçün güc verdi”, - deyə Serbiya Prezidenti bildirib.
Aleksandar Vuçiç bu gün, həmçinin “Azadlığa gedən yolda hərbi diplomatiya” sərgisinin açılışında iştirak edəcək.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Belqradın işğaldan azad edilməsinin 80 illiyi münasibətilə serbiyalı həmkarına təbrik məktubu göndərib. Vladimir Putin ruslarla serblərin düşmənə qarşı birgə çiyin-çiyinə vuruşduğunu xatırladıb və Serbiya hökumətinin Qızıl Ordunun həlak olmuş qəhrəmanlarına münasibətindən razılığını ifadə edib.
“Əcdadlarımızın bizə miras qoyduğu yaxşı qardaşlıq və dostluq ənənələrinin bu gün də Rusiya Federasiyası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün etibarlı əsas kimi xidmət etməsi vacibdir”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Xatırladaq ki, Belqrad 80 il əvvəl - 1944-cü il oktyabrın 20-də üç il yeddi aylıq alman işğalından sonra azad edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad