Benefisiarların valideynləri təlimlərə cəlb ediliblər
Bakı, 28 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal, Abşeron və Nərimanov Sosial Xidmət mərkəzlərinin benefisiarlarının valideynləri üçün maarifləndirici təlimlər təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Aktiv Terapiya: Nədir, faydaları və ev şəraitində sadə üsullar və oyunlar”, “Uşaq və yeniyetmələrdə cinsi maarifləndirmə” mövzuları üzrə təşkil olunan təlimlərdə cinsi inkişaf və tərbiyə, şəxsi sərhədlər, uşaqlara yaşa uyğun doğru məlumatların verilməsi, cinsi istismar və onun qarşısının alınması sahəsində geniş məlumatlar verilib.
Eləcə də, valideynlərə uşaqlarla düzgün ünsiyyət qurmaq, onlara təhlükəsizlik hissini aşılamaq və etibarlı informasiya təqdim etmək yolları izah olunub, aktiv terapiya növünün mahiyyəti, tətbiq sahələri və faydalarından danışılıb. Həmin terapiyanın uşaqlarda emosional tənzimləmə, motor bacarıqlarının inkişafı, sosial münasibətlərin qurulması və özünü ifadəetmə qabiliyyətinin artırılmasına verdiyi töhfələr vurğulanıb.
Keçirilən seminar və təlimlər valideynlər tərəfindən maraqla qarşılanıb. Təlimin yekununda mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.